Son günlərdə ABŞ-Azərbaycan münasibətlərində yaşanan soyuqluq, daha doğrusu, Vaşinqtonun ölkəmizə qarşı əsassız iddiaları və təzyiqləri səbəbindən kölgə düşən münasibətlərdə yeni gəlişmələr müşahidə edilir.
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms o’Braynın Nümayəndələr Palatası Xarici İşlər Komitəsi Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Azərbaycan tərəfinin ABŞ-nin Azərbaycana münasibətdə yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dən olan yüksəksəviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms o'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmişgünlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
Göründüyü kimi, Cənubi Qafqazı bütövlükdə özünün çətiri altına salmağa çalışan ABŞ-nin bu regionda əsas oyunçu olan Azərbaycanı hədəfə alması regionda yeni təhdid elementi kimi dəyərləndirilməklə yanaşı, birmənalı qarşılanmırdı. Təhdidlərlə Azərbaycanı qorxudacağını zənn edən ABŞ, nəhayət, onunla öz dilində danışmağı bacaran tərəflə qarşılıqlı münasibətlərin tənzimlənməsi istiqamətində yeni manevr imkanlarını da sınaqdan keçirmiş oldu. ABŞ-nin Dövlət katibi Blinkenin Azərbaycan Prezdentinə zəngi, etdiyi xahişlər adekvat reaksiya ilə qarşılanmaqla ikitərəfli münasibətlərin normallaşmasına yeni şans tanıdı.
ABŞ dövlət katibi Azərbaycan Prezidentinə etdiyi telefon zəngindən sonra ikitərəfli münasibətlərin normallaşması üçün regional siyasətində hansı korrektələri etməli olduğunu anladımı?
Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bu telefon danışığı bir daha Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütdüyünü təsdiq etdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev ABŞ-nin məhz son vaxtlar Azərbaycana qarşı apardığı ikilistandartlı siyasətə nöqtə qoydu:
“Bu gün Dövlət Departamentinin nümayəndəsinin Azərbaycana gəlişi məsələsi artıq bizim xarici, daxili siyasətimizdən asılıdır. Bizimlə bir tərəfdaş müstəvisində danışılmalı, bizə diqtə ilə nəyi, necə etməni göstərmək olmaz. Buna görə də cənab Prezidentin Blinkenlə danışığı çox mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha bizim suveren, daxili, xarici siyasətdə müstəqil bir dövlət olduğumuzu dünyaya göstərir”.
Deputat Sevil Mikayılova hesab edir ki, Birləşmiş Ştatların baş katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək dövlət başçısının səsləndirdiyi şərtləri qəbul etməsi bir daha göstərir ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz.
S.Mikayılova bildirib ki, bir müddət əvvəl ABŞ rəsmisi Ceyms O Brayn tərəfindən Senatda səsləndirilmiş Azərbaycana yönəlik qərəzli fikirlər, eyni zmanda dinləmələrin sonunda Azərbaycan rəsmilərinə bir sıra məhdudiyyətlərin qoyulması ilə bağlı təklif, “907”ci düzəlişin tətbiqinin bərpası ilə bağlı qərarlar ölkə ictimaiyyəti tərəfindən çox böyük təəssüflə qarşılandı:
“Azərbaycanla Birləşmiş Ştatlar arasında uzunillik əməkdaşlıq əlaqələri mövcud olub. Bu illər ərzində kifayət qədər etibarlı tərəfdaş kimi Birləşmiş Ştatlarla əməkdaşlıq etmişdik. Nəyə görəsə bu gün bölgədə fərqli reallıqların mövcud olduğu bir dönəmdə, yəni Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Birləşmiş Ştatlar Cənubi Qafqazla bağlı öz gündəliyini dəyişir və Ermənistanı birtərəfli qaydada müdafiə etməklə, ona havadar çıxmaqla, Azərbaycanın hüquqlarını pozmaq kimi strategiya seçdi. Təbii ki, bu, Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən buna qarşı dərhal etiraz səsləndirildi. Biz düşünürük ki, bu cür qərarlara qarşı təpkili münasibətin olması qarşı tərəfi bir növ öz hərəkətlərinə təkrar-təkrar baxmağa və hansısa bir qərarı qəbul etməzdən əvvəl onun üzərində ciddi şəkildə işləməyə vadar edəcək. Biz ümumən dövlətimizin iradəsi, Prezidentin hər zaman milli maraqları qoruyaraq beynəlxalq platformalarda çox qətiyyətli çıxış edərək dövlətimizin daha da güclənməsinə və nüfuzunun artmasına xidmət etdiyini əminliklə söyləyirik. Son baş verən proses də göstərdi ki, Azərbaycanın yolu müstəqillik yoludur, biz bu yoldan dönməyəcəyik. Azərbaycan öz xarici siyasətində tamamilə fərqli, bərabər hüquqlu, özünə və və özgələrinə qarşı hörməti ehtiva edən bir siyasəti formalaşdırıb. Uzun illərdir bu siyasəti irəliyə aparır. Bundan sonra da bu təcrübəyə əsaslanaraq beynəlxalq tərəfdaşlarımız bu və ya digər şəkildə qərar qəbul edəndə ilk növbədə Azərbaycan tərəfinin hüquqlarını məhdudlaşdıran deyil, beynəlxalq hüquqa söykənən və reallığı əks etdirən sənədlərin qəbul olunmasına çalışmalıdırlar”.
Politoloq Rəşad Bayramov hesab edir ki, ABŞ Dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngi rəsmi Vaşinqtonun Bakıya münasibətdə öz ədalətsiz siyasətini düzəltmək cəhdindən irəli gəlmir. Bu ədalətsiz mövqe uzun illərdir davam edir və 30 illik danışıqlar dövründə də Azərbaycana qarşı haqsız “907”ci düzəlişin qəbul olunduğu vaxtlarda da, bunun əyani şahidi olmuşuq.
Politoloq bu qənaətdədir ki, ABŞ sadəcə olaraq Azərbaycanla təhdid və şantaj, sanksiyalar tətbiq etmək hədəsi ilə danışmağın mənasız olduğunu başa düşdüyü üçün münasibətləri yumşaltmağa qərar verib: “ABŞ Senatının məlum qərarından sonra rəsmi şəxslərin qarşılıqlı səfərlərinin ləğvi Vaşinqtonu narahat edib. Özünün Cənubi Qafqaz maraqlarını regionun ən güclü dövləti olan Azərbaycan olmadan təmin etməyin mümkünsüzlüyünü anlayan ABŞ, hətta istəməsə də, Blinken səviyyəsində Azərbaycan Prezidentinə müraciət etmək məcburiyyətində qalıb. Blinken münasibətlərin normallaşması üçün dekabr ayında dövlət katibinin köməkçisi Ceyms O Braynının Azərbaycana səfərinə icazə verilməsinə xahiş edib və məlum olduğu kimi, Prezident İlham Əliyev də Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfəri ilə bağlı qoyulan əsassız qadağaların aradan qaldırılması şərti ilə O Braynın səfərinə razılıq verib”.
R.Bayramov hesab edir ki, Blinkenin zəngi, münasibətlərin normallaşmasını istəməsi, təbii ki, ABŞ üçün, Azərbaycan üçün müsbət addımdır. Münasibətlərin hansı səviyyədə normallaşacağını isə zaman göstərəcək. Əgər ABŞ bundan sonra Senatın anti-Azərbaycan qərarını təsdiq etməkdən imtina edəcəksə, ayrı-ayrı platformalarda Azərbaycan əleyhinə bəyanatlara son veriləcəksə, demək münasibətlərin normallaşmasında həqiqətən də maraqlıdırlar. Yox, bu baş verməsə nəticə olduğu kimi qalacaq.
“Bizim kiminsə istəkləri ilə öz dövlət maraqlarımızdan imtina etməyimiz mümkün deyil. Azərbaycan olaraq dünyanın supergücü ilə qarşıdurmada maraqlı deyilik. Amma bu, ABŞ-ın hər dediyinə "baş üstə" demək anlamına da gəlməməlidir. Əgər rəsmi Vaşinqton həqiqətən regionda sülhün yaranmasında maraqldırısa, o zaman müxtəlif bəhanələrlə sülh sazişindən yayınan Ermənistana təzyiq etməlidir. Ancaq bu halda ABŞ-ın həqiqətən də prosesə töhvə vermək istəməsini, regionda sülh yaratmaq istəyini deyə bilərik”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının növbəti mərhələyə başlamaq istəyi ilə bağlıdır.
“Göründüyü kimi, ABŞ Konqresində dinləmələrdə Azərbaycana qarşı siyasi qadağalar tətbiq edilmişdi. ABŞ tərəfindən bu qadağa aradan götürüldü və tərəflər arasında müəyyən razılığa gəlindi. Bu onu təsdiq edir ki, bu danışıqlarda ABŞ Azərbaycanın prinsipial mövqeyinin şahidi oldu. Azərbaycan bununla sübut etdi ki, geri çəkilməyəcək”.
M.Əsədullazadə eyni zamanda qeyd edib ki, ABŞ məhz Ermənistanın gündəliyi əsasında sülh müqaviləsinin imzalanmasında maraqlı idi. Onun sözlərinə görə, ABŞ növbəti görüşün Vaşinqtonda keçirilməsi və özünün vasitəçiliyini gündəmə gətirməyə çalışır.
“Əgər ABŞ tərəfi Azərbaycanın 5 təməl prinsipini rəhbər tutan danışıqlara razılıq verəcəksə, Azərbaycan bu danışıqlara qatıla bilər. Sülh müqaviləsi də bu istiqamətdə bağlanmalıdır. Eyni zamanda ABŞ gördü ki, Azərbaycan regionun aparıcı ölkəsidir, Azərbaycansız regionda güclənmək mümkün deyil. Azərbaycanla münasibətləri qorumaq lazımdır. Azərbaycanla bağlı reallığı ABŞ-da başa düşürlər”.
Siyasi ekspert Vüqar Dadaşov hesab edir ki, son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərinin Vaşinqton tərəfindən gərginləşdirilməsi məqsədli şəkil daşıyırdı və siyasi hədəflərə hesablanmışdı. V.Dadaşov qeyd edir ki, ABŞ-nin Azərbaycana qarşı siyasəti heç bir zaman isti olmayıb. Hərçənd, ABŞ Rusiyaya qarşı və ümumiyyətlə Şərqə, Cənubi Qafqazla bağlı niyyətlərini həyata keçirmək üçün Azərbaycanla diplomatik və balanslaşdırılmış siyasət görünüşü yaratmağa çalışıb.
“ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim-in ən azı bu ilin sentyabr ayından başladığı açıq anti-Azərbaycan ritorikası təbii ki, həmin dövrdə ABŞ-ın daha yüksək şəxsləri ilə razılaşdırılmış prosesin daha sərt siyasi-diplomatik təzyiqlərə keçidinin əlamətləri idi. ABŞ-ın Azərbaycana qarşı təzyiqlərini tədricən daha da sərtləşdirməsi gözlədiyi effekti vermədi. Xüsusən də HƏMAS-İsrail müharibəsindən sonra Azərbaycanın tərəflərə qarşı balanslı münasibətinin müəyyən mənada İslam təəssübkeşliyi ağırlığı, ABŞ-ni Azərbaycana qarşı daha da qıcıqlandırdı”.
Ekspert hesab edir ki, ABŞ Azərbaycanla münasibətlərin daha da gərginləşməsinə getməyəcək. Onun fikrincə, Cənubi Qafqazın aparıcı dövləti, Türkiyənin müttəfiqi, Avropanın enerji təhlükəsizliyinin vacib faktoru, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Birliyinin üzvü, Qoşulma Hərəkatının lideri kimi və Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri ABŞ-ı Azərbaycana qarşı çox diqqətli olmağı şərtləndirir.
Onun fikrincə, ABŞ-nin Azərbaycanla münasibətini normallaşdırmaq üçün addım atacağı gözlənilən idi. Eləcə də noyabrın 27-də ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi barədə məlumatın birinci olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller tərəfindən yayımlanası beynəlxalq siyasi-diplomatik nöqteyi nəzərdən vacib elementdir.
“ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan danışıqlarının Azərbaycan tərəfinin tələblərinin qəbul edilməsi ilə yekunlaşması, Azərbaycan dövlətinin nüfuzunun göstəricisidir. Azərbaycan dövləti sahib olduğu nüfuzunu iqtisadi, hərbi, siyasi-diplomatik çalışmaları ilə əldə edib. Artıq Azərbaycan dövləti nəinki regionun lideri, eyni zamanda da beynəlxalq arenada təsirli mövqeyi ilə sözü keçən və hesablaşmalı olan dövlətdir. ABŞ kimi dövlətin Azərbaycan maraqları ilə hesablaşması və ilk addım atması Azərbaycanın milli maraqlarının qəbulunun məcburi etirafıdır.
Dövlətin böyüklüyü, qüdrətli olması təkcə iqtisadi, hərbi gücü ilə bağlı deyil. Əlbəttə ki, olduqca ağır çəkiyə malik iqtisadi və hərbi güc imkanları asılı olmayan iqtisadi, suveren hərbi texniki potensiala bağlıdır. Azərbaycan hərbi-texniki sənayesini müstəqil şəkildə öz daxili potensialı hesabına gücləndirməsi, onun öz maraqlarını daha da israrla müdafiəsinə imkanı genişləndir.
Azərbaycan dövlətinin tələblərinin özünü dünya hegemonu hesab edən ABŞ tərəfindən qəbul edilməsi siyasi-diplomatik uğur kimi, ölkənin iqtisadi, hərbi təhlükəsizliyinə, elmi-texniki inkişafa əsaslanan hərbi sənayeyə və digər xarici asılılığı aradan qaldıran imkanlara söykənən nəticədir”.